Abstract:
Tədqiqatın aktuallığı. Cəmiyyətin hazırkı mərhələsində gənc nəslin inkişafı üçün ölkəmizin tarixində ən əlverişli obyektiv şərait yaradılmışdır. Belə ki, indi ölkəmizdə iqtisadi, sosial-siyasi, ideoloji vəzifələr müvəffəqiyyətlə həyata keçirilir, xalqın mədəni səviyyəsi, maddi rifah halı yüksəlir, uşaq və gənclərin inkişafına təsir göstərən ailənin imkan və şəraiti genişlənir. Belə bir şəraitdə bədən tərbiyəsi və idman, fiziki vasitələr insanların sağlamlıq keşiyində durmağı, onları zərərli vərdişlərdən uzaqlaşdırmağı, fiziki inkişaf etdirməyi və s. aktual məsələlərdən biri olub araşdırılmasına ehtiyac duyulur.
Tədqiqatın problemi. Məlum olduğu kimi ümumtəhsil məktəblərində fiziki tərbiyənin əsas forması fiziki tərbiyə dərsləri hesab olunur. Lakin təcrübələr göstərir ki, proqram üzrə həftədə iki saat keçirilən fiziki tərbiyə dərsləri müasir dövrün tələblərinə cavab vermir. Aparılan pedaqoji müşahidələr zamanı müəyyən olunub ki, dərsdənkənar idman məşğələlərinin səmərəli təşkili və keçirilməsində problemlər var.
Elmi-texniki tərəqqi nəticəsində yeniyetmə və gənclərin hərəkət fəallığı xeyli azalmışdır. Məktəblilərin böyük bir hissəsi fiziki tərbiyə üzrə proqram normativlərini yerinə yetirə bilmirlər. Aparılan çoxsaylı tədqiqatların nəticələri göstərir ki, bu problemin aradan qaldırılması üçün dərsdənkənar idman məşğələlərini təkmilləşdirmək üçün bu sahədə müvafik islahatlar aparılmalıdır.
Bu problemi aradan qaldırmaq üçün dərsdənkənar idman məşğələlərinin təşkili və keçirilməsinə idman növləri üzrə ixtisaslı mütəxəssisləri dəvət etməklə həll etmək olar. Bu vəziyyəti və şəraiti nəzərə alaraq dərsdənkənar idman məşğələlərinin təkmilləşdirilməsi ən vacib məsələlərdən biridir.
Dərsdənkənar məşğələlərə ixtisaslaşdırılmış məşqçilər dəvət olunmur. Müəllimlər məşqçilərlə əlaqəni saxlamırlar. Bəzi məktəblərdə idman zalları, idman qurğuları, alətləri yoxdur və ya azlıq təşkil edir. Məktəblərdə elə ixtisaslı məşqçi müəllimlər vardır ki, ixtisasına uyğun şərait olmadığından dərsdənkənar idman məşğələlərini təşkil edə bilmirlər. Buna görə də, dərsdənkənar məşğələlər zəif keçirilir, məşğələləri müəllimlər özləri keçir.