Abstract:
Mövzunun aktuallığı. Orqanizmə xarici təsirlər baş verdikdə ilk növbədə qan – damar sistemi və xüsusislə də onun mərkəzi hissəsi olan ürək fəaliyyətində kəskin dəyişiklliklər müşahidə olunur, bu da tam orqanizmin uyğunlaşmasını mümkün edir, nəticədə tədqiq olunan mövzunu daha da aktuallaşdırır [6, s.22; 45, s.63-65; 46, s.620]. İdman fiziologiyasında, idman təbabətində müasir dövrdə maksimal, submaksimal, böyük və mülayim şiddətli yüklərin ürək – damar sisteminə göstərdiyi təsirə verdiyi cavab reaksiyası yaxşı öyrənilsə də, minimal şiddətli fiziki yüklərin yaratdığı dəyişikliklər, demək olar ki, öyrənilməmişdir. Minimal şiddətli fiziki yüklərin icrasının böyük əhəmiyyəti onların qanın venalarda hərəkətinə göstərdiyi təsirlə bağlıdır (“əzələ nasosu” hesabına). Ona görə də, minimal şiddətli yüklərin tələbələrə göstərdiyi təsir müasir dövrün ən aktual məsələlərdən hesab olunur.
Müntəzəm fiziki hərəkətlərin icrası zamanı (idman məşqləri) formalaşan adaptiv reaksiyalar hərəkət aparatını və vegetativ sistemləri əhatə etməklə, somatik sağlamlığının qorunmasında və xəstəliklərin profilaktikasında əvəzolunmaz amil hesab olunur. Qeyri – spesifik (ümumi) adaptiv reaksiyaları orqanizmdə funksional və metabolik proseslərdə dəyişikliklər yaratmır. Onlar mühitin qeyri - əlverişli amillərinə qarşı dayanıqlığın sinir – humoral tənzimlənməsinin nisbi olaraq xarakterizə etmiş olur, iş qabiliyyətini müəyyən qədər yüksəltmiş olur. Spesifik adaptasiya reaksiyaları isə həm metabolik və həm də funksional statusda əhəmiyyətli dərəcədə yenidənqurulmalar yaratmaqla, onun ehtiyyat imkanlarının artmasına gətirib çıxarır.
Hərəkət aktivliyinin yüksəldilməsinə olan müxtəlif xarakterli yükləmələrin davametmə müddətindən, şiddətindən və energetik imkanlarından asılı olur. Normal fizioloji şəraitdə belə yüklərin yaratdığı dəyişikliklər təbiidir və bioloji qanunauyğunluqlara tabedir. Onu da qeyd etmək lazımdır ki, şiddət və müddətindən asılı olaraq icra olunan fiziki yüklər orqanizmdə fərqli uyğunlaşma dəyişiklikləri yaradır. Bu dəyişikliklərin bir qismi araşdırılsa da, minimal şiddətli yüklərin orqanizmə, xüsusilə də, cəmiyyətin ən həssas qrupu olan tələbələrdə yaratdığı dəyişikliklərin öyrənilsə də, minimal şiddətli (0,25 vt/kq) fiziki yüklərin orqanizmin ürək – damar və tənəffüs sistemlərində formalaşdırdığı adaptasiyanın dərəcəsinin qiymətləndirilməsi aktual olaraq qalmaqdadır. Çünki, mülayim və minimal şiddətli əzələ işi qan dövranının köməkçi aparatının işinə təsiri əvəzolunmaz bir təsir hesab etmək olar.
Tədqiqatın problemi. Hərəkət orqanizmin əsas bioloji tələbatı formalaşdıran biridir. Hərəkət aktivliyi həm tam orqanizmdə və həm də onun ayrı – ayrı funksional sistemlərində dəyişikliklər yaratmaq, onun harmonik fiziki inkişafının gedişini stimullaşdırır, qan dövranının işini normallaşdırır (venoz qanın ürəyə doğru axınına nasos kimi təsir göstərir). Lakin orqanizmə icra olunan fiziki yüklərin müxtəlif şiddət zonalarında göstərdiyi təsir çox fərqli olur: mülayim şiddətli yükləri daha çox sanogen təsirə malikdirsə, hüdud yükləri isə müəyyən xarakterli patogen təsirlərə rəvac verir. Ona görə də, müasir idman fiziologiyasında və idman təbabətində qarşıda duran problem məsələlərdən biri icra olunan yüklərin şiddət zonalarından asılı olaraq qiymətləndirilməsinin aparılmasıdır. Bu baxımdan minimal şiddətli fiziki yüklərin tələbə idmançılarda yaratdığı dəyişikliklərin öyrənilməsi tədqiqatın əsas problemi hesab oluna bilər.
Tədqiqatın obyekti. Minimal şiddətli (0,25 vt/kq) fiziki yüklərə qarşı tələbə qızların ürək – damar və tənəffüs sisteminin verdiyi cavab reaksiyasının öyrənilməsi və fiziki iş qabiliyyətinin qiymətləndirilməsi prosesi təşkil etmişdir.
Tədqiqatın predmeti. Minimal şiddətli fiziki yüklərin (0,25 vt/kq) ürək – damar və tənəffüs sistemlərinin funksional vəziyyətinə və fiziki iş qabiliyyətinə göstərdiyi təsiri qiymətləndirmək üçün istifadə olunan vasitələr və metodlar.
Tədqiqatın məqsədi. Tələbə qızlarda və onların idmanla məşğul olan həmyaşıdlarında hərəkət aktivliyinin səviyyəsinin qan dövranının mərkəzi və periferik göstəricilərində yaratdığı dəyişikliklərə minimal şiddətli fiziki yükləmələrin təsirinin kompleks şəkildə qiymətləndirilməsi olmuşdur.