Abstract:
Fiziki yüklər-insan orqanizminə ən çox təsir edən təbii amillərdəndir. Fiziki yüklərə adaptasiya orqanizmin ətraf mühitin geniş spektrli zədələyici təsirlərinə qarşı müqavimətini artırır. Məlum olduğu kimi, eyni tipli stress amillərin təsiri altında yaranan stress-reaksiyalar məşq etmiş insanlarda məşq etməyənlərlə müqayisədə özünü daha kəskin göstərmir, nisbətən zəif olur. Lakin onların stressor təsirlərə qarşı dayanıqlığı daha yüksək olur.
Xarici mühit amillərinə insan orqanizminin adaptasiyası prosesinin qanunauyğunluqlarının tədqiqi müasir elmin ən aktual problemərindəndir. Adaptasiya prosesində orqanizm üçün daha faydalı olan əlamətlər formalaşaraq, yaşayış uğrunda mübarizədə ona üstünlüklər qazandırır. Belə hallarda adaptasiyanın çarpaz təsirlərinə malik olan müdafiə effektləri müşahidə oluna bilər ki, bu zaman müəyyən amilə qarşı yaranan adaptasiya digər amillərin zədələyici təsirlərinə qarşı öncədən rezistenliyin yüksəlməsi ilə nəticələnir.