dc.description.abstract |
Mövzunun aktuallığı. Cüdonun olimpiya oyunları sırasına daxil edilməsi aparılan mübarizələrin kəskinliyinin daha da artmasına səbəb olmuşdur. Təkmübarizliyin digər növlərində olduğu kimi, cüdoda da mübarizlər submaksimal və maksimalayaxın şiddət zonasında idmançılardan yüksək fiziki hazırlıq səviyyəsinin əldə olunmasını tələb edir. Məşq, yarış və yoxlama görüşlərin aparılması zamanı aparılan pedaqoji müşahidələr, həmçinin, funksional yük nümunələrinin yaratdığı fizioloji dəyişikliklərin təhlili belə bir yekun nəticəyə gəlməyə əsas vermişdir ki, cüdoçularda yarış fəaliyyətinin gedişində texniki – taktiki hazırlığın həyata keçirilməsi üçün funksional iş qabiliyyətinin yüksəldilməsi əsas şərtdir. Cüdoçularda funksional və texniki hazırlığın səviyyəsinin yüksəldilməsi onlarda ümumi fiziki hazırlığın səviyyəsi ilə müəyyənləşir. Bu zaman aparıcı rolu ümumi (aerob) dözümlülük oynayır və idmançıya xüsusi iş qabiliyyətinin yüksəlməsinə şərait yaranır [7; 8; 19].
İdman güləşi sahəsində aparılan tədqiqat işlərində fiziki keyfiyyətlərin səmərəli inkişaf etdirilməsi prosesində bir sıra pedaqoji vasitə və metodlardan istifadə etsələr də, bunlar pərakəndə xarakter daşıyır, alınan məlumatlar yalnız birtərəflidir, vahid ideyanı əks etdirmir. Bu da əlavə tədqiqatların aparılmasını aktuallaşdırır. Bununla yanaşı, həm də, cüdoçularda ümumi dözümlüyün inkişafına hansı vasitənin daha səmərəli təsirə malik olması məsələsi də həll olunmamış qalmaqdadır. Nəzərdən keçirilən bütün bu məsələlər tədqiqatımızın aktuallığını bir qədər də artırır, qarşıya qoyulan problemin fizioloji – pedaqoji əsaslandırılmasını tələb edir. |
en_US |